
BAKI, 24 fevral. TELEQRAF
Almaniyada parlament seçkiləri geridə qaldı. Kansler postu və parlamentdə çoxluq Xristian Demokrat İttifaqı (XDİ) və Xristian Sosialist İttifaqının (XSİ) əlinə keçdi.
Teleqraf xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Almaniyada hər seçici iki səs verir, “Erstimme” adlanan birinci səsi vətəndaş seçki dairəsi üzrə birbaşa namizəd üçün verir və ən çox səs alan namizəd Bundestaqa üzv seçilir:
“Zweitstimme” adlanan ikinci səs isə partiyalara verilir və parlamentdə partiyaların təmsilçiliyini müəyyən edir. Partiya Bundestaqa daxil olmaq üçün ən azı 5 faiz səs toplamalı və ya 3 birbaşa mandat qazanmalıdır. Ölkənin seçki sistemində ötən il aparılan islahatlardan sonra təşkil olunan bu ilk səsvermə nəticəsində parlamentdə deputat sayı 733-dən 630-dək azalacaq.
Qalib gələn XDİ/XSİ əsasən kiçik sahibkarlar, fermerlər, kənd və rayonların sakinləri tərəfindən dəstəklənir. XX əsrdə bir neçə dəfə hakimiyyətə gələn partiyanın (XDİ) tanınmış liderləri içərisində sabiq kansler Angela Merkelin adını çəkə bilərik. Yəqin əhalinin daha çox hissəsinin bu partiyaya səs verməsinin səbəbləri arasında başda elə bu faktor dayanır. Çünki Merkel dövründə Almaniya Avropa İttifaqında (Aİ) birinci dövlət olmaqla yanaşı, dünyada vacib beynəlxalq aktor sayılırdı. Bəlkə də son 100 ildə ilk dəfə olaraq məhz Merkelin dövründə Almaniya Qərbdə əsas söz sahibi dövlətlərdən birinə çevrilmişdi. Olaf Şolts dövründə isə Aİ-də liderlik Fransaya qayıtdı, istər ümumavropa məsələlərində, istərsə də Ukrayna mövzusunda Berlin kifayət qədər zəif təəssürat bağışlayırdı.
Bəs, bu dəfə partiyanın lideri olan Fridrix Mers kimdir?”
Zaur Məmmədov qeyd edib ki, Almaniya kanslerliyinə namizəd Fridrix Mers ABŞ-dən müstəqilliyi prioritet adlandırır:
“Bundestaq seçkilərində liderlik edən Mers ABŞ-nin Ukraynanın gələcəyinə “nisbətən biganə” olduğunu bəyan edib. O əlavə edib ki, İlon Mask və Vaşinqtonun Almaniya seçkilərinə müdaxiləsi Moskvanın müdaxiləsindən heç də az kəskin və qəddar olmayıb.
Öz növbəsində, Mersi ilk olaraq Tramp təbrik edib və mühafizəkarların hakimiyyətə gəlməsindən məmnunluğunu dilə gətirib.
Mers isə bundan sonra kiminlə koalisiyaya gedəcəyini düşünməlidir. O, seçkilərdə mütləq çoxluq qazanmayıb və Fransada olduğu kimi Almaniyada da qalib gələn partiya hökuməti digər partiyalardan biri ilə qurmalıdır. Hələlik bircə məsələ aydındır, Mers (ifrat sağçı) “Almaniya üçün Alternativ” Partiyası ilə ittifaqa getmək istəmir. Digərləri ilə danışıqlar aparılır. Gedişatda hər şey aydın olacaq”.