BAKI, 15 fevral. TELEQRAF

Suriyada İŞİD və PKK terror təşkilatlarının mövcudluğuna imkan verilməməlidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.

Kalın Dəməşqdəki siyasi keçid prosesinin önəminə toxunaraq, Suriyanın inkişafı üçün ölkəyə tətbiq edilən sanksiyaların aradan qaldırılmasının, eləcə də bölgədə İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna imkan verilməməsinin vacibliyini vurğulayıb.

Türkiyənin coğrafiyasına görə həm Yaxın Şərqdəki gəlişmələrdən, həm də Rusiya-Ukrayna müharibəsindən birbaşa təsirləndiyini bildirən MİT rəhbəri dünya iqtisadiyyatının nizama düşməsi üçün sülhün önəmindən danışıb. Onun sözlərinə görə, bu və digər səbəblərdən Rusiya ilə Ukrayna arasındakı müharibə danışıqlar yolu ilə həll edilməlidir.

“Qara dənizdə təhlükəsizliyin təmin edilməsi təkcə Türkiyə deyil, bütün dünya üçün vacibdir”, - Kalın əlavə edib.

Türkiyənin ikiqütblü dünyadan çoxqütblü dünyaya keçid çərçivəsində işlərini tam sürətlə davam etdirdiyini söyləyən Kalın terrorla mübarizə, qeyri-qanuni miqrasiya və kibertəhlükəsizlik kimi mövzularda işlərin intensiv şəkildə aparıldığını açıqlayıb.