BAKI, 15 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı danışıqlardan imtina etməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, alyans üzvlərini Rusiya lideri Vladimir Putinin ardınca getdiklərinə görə qınayıb.

“Mən Amerikasız təhlükəsizlik zəmanətlərinə inanmıram. Həmçinin Avropanın zəmanətləri güclü olmasa, Amerika zəmanət verməyəcək. Mən Ukraynanın NATO-ya üzvlüyünü də masadan götürməyəcəyəm”, - Ukrayna lideri bildirib.

Həmçinin o, qeyd edib ki, hazırda “alyansının ən nüfuzlu üzvü” Putindir, çünki onun şıltaqlığı NATO qərarlarını əngəlləyir:

“Bu gün Rusiyanı dayandıran Ukrayna ordusu və xalqıdır, NATO ölkəsi və qoşunları yox. Bu müharibədə Ukraynanın tərəfində döyüşən heç bir xarici ordu yoxdur. Amma Putin bu müharibədə 250 minə yaxın əsgər itirib, 610 mindən çox insan yaralanıb”.

Xatırladaq ki, Kremlin müharibənin dayandırılması ilə bağlı şərtlərindən biri Ukraynanın NATO üzvlüyündən imtina etməsi ilə bağlıdır. ABŞ Prezidenti Donald Trampın son telefon danışığında rusiyalı həmkarı Vladimir Putinin bu şərtini qəbul etdiyi bildirilir.