BAKI, 15 fevral. TELEQRAF

Bir qrup Avropa ölkəsi Rusiya ilə gələcək sülh sazişinin təmin edilməsinə kömək etmək üçün Ukraynaya qoşun göndərmək planı üzərində gizli şəkildə işləyir.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumatlı mənbələrə istinadla yazır.

ABŞ agentliyi planın hazırlanmasına Böyük Britaniya və Fransanın rəhbərlik etdiyini bildirir, amma məsələ bağlı başqa detallar yoxdur.

Nəşr bildirir ki, iştirakçı ölkələr Rusiya lideri Vladimir Putinin müharibənin dayandırılması ilə bağlı danışıqlara razılıq verəcəyi ehtimalına görə öz kartlarını açmaq istəmirlər.

“Mən konkret imkanların təfərrüatlarına varmayacağam, amma onunla razılaşıram ki, sülh olarsa, Ukrayna üçün müəyyən təhlükəsizlik təminatları olmalıdır və Böyük Britaniya da bunda rol oynayacaq”, - Britaniya Baş naziri Kir Starmer bildirib.

AP qeyd edir ki, Avropa dövlətləri Ukraynaya qoşun yeritmək məsələsini təqribən bir il əvvəl müzakirə etməyə başlayıblar. Amma indi ABŞ Prezidenti Donald Trampın Putinlə razılığa gələcəyi narahatlığına görə prosesi sürətləndiriblər.