BAKI, 14 fevral. TELEQRAF

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bəzi keçmiş sovet ölkələrində təxribatçı fəaliyyətlərlə məşğul olub.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə agentliyin ABŞ-nin bəzi postsovet ölkələrində hərbi-bioloji fəaliyyətlərində iştirakına dair sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, söhbət ABŞ-nin dövlətlərə sanitar-epidemioloji nəzarət sistemlərini inkişaf etdirməyə və bioloji terrorizm təhlükələrinə qarşı mübarizəyə kömək adı altında həyata keçirdiyi hərbi-bioloji fəaliyyətindən gedir.

“Bildiyiniz kimi, belə təhlükəli fəaliyyətlər dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-nin bəzi respublikalarında həyata keçirilib”, - Zaxarova qeyd edib.

Rusiya rəsmisi iddia edib ki, ABŞ-nin Ukraynadakı belə fəaliyyətləri faktlarla sübuta yetirilib.

Zaxarova əlavə edib ki, USAID-in ABŞ-nin hərbi bioloji fəaliyyətlərində iştirakını göstərən sənədlər və ətraflı hesabatlar var.