BAKI, 14 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün səhər saatlarında Rusiyanın Çernobıl Atom Elektrik Stansiyasına (AES) pilotsuz uçan aparatlarla (PUA) hücum etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, hücum nəticəsində stansiyanın dağılmış dördüncü reaktorunu qoruyan struktura ciddi ziyanın dəydiyini bildirib.

Prezident hücumun ardınca başlayan yanğının nəzarət altına alındığı və radiasiya səviyyəsində artımın müşahidə olunmadığını qeyd edib.

Zelenski Rusiyanın nüvə obyektlərinə hücumlarının qlobal təhlükəsizliyə təhdid olduğunu vurğulayıb. Çernobılın tarixi və nüvə təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayan Ukrayna lideri bu cür hücumların beynəlxalq səviyyədə böyük risk yaratdığını söyləyib.

Çernobıl AES 1986-cı ildə baş vermiş fəlakətdən sonra hələ də qlobal səviyyədə böyük təhlükə yaradan obyekt kimi tanınır. Hücumdan sonra soyutma işlərinin davam etdiyi və bölgədəki vəziyyətin izləndiyi açıqlanıb.