BAKI, 14 fevral. TELEQRAF

Yunanıstan Evros vilayətinin Türkiyə ilə sərhəd kəndlərində (Meriç çayı boyu) daimi məskunlaşacaq ailələrə dəstək olaraq 10 min avro verilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə ilə sərhəddə yerləşən kəndlərin demoqrafik inkişafı üçün dəstək tədbirlərini ehtiva edən qanun layihəsinin müəllifi Yunanıstanın sosial birlik və ailə naziri Sofiya Zaçarakidir.

Parlamentdə təsdiqlənməsi gözlənilən qanun layihəsinə görə, əhalisi 500 nəfərə qədər olan kəndlərdə məskunlaşan ailələrə 10 min avro veriləcək.

Əhalisi 500 nəfərdən çox olan yaşayış məntəqələrində məskunlaşan ev təsərrüfatları üçün 6000 avro, hər bir azyaşlı uşaq üçün 1000 avro artırılmaqla 10 000 avroya qədər ödəniş ediləcək.

Evros vilayəti üçün xüsusi hazırlanmış qanun layihəsinin demoqrafik möhkəmlənmə, inkişaf və yenidənqurma üzrə ümumi planın bir hissəsi olduğu və proqramın ümumi büdcəsinin 8 milyon avro olduğu açıqlanıb.