BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp təkcə atəşkəs yox, Ukraynada müharibənin tamamilə dayandırılmasını istəyir.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Prezident müharibənin bitməsini istəyir. Sadəcə fasilə istəmir, tamamilə bitməsini istəyir. Bu, çətin olacaq və mərhələlərlə baş verməlidir”, - dövlət katibi bildirib.

Rubio qeyd edib ki, Tramp son telefon danışığında rusiyalı həmkarı Vladimir Putinə məhz bunu söyləyib.

Dövlət katibi Ukraynada müharibənin başa çatması üçün təxmini ssenarini açıqlayıb və bunun atəşkəslə başlaya biləcəyini qeyd edib. Amma Rubio vurğulayıb ki, bu barədə məsələ hələ razılaşdırılmayıb, hətta danışıqlar aparılmayıb.

Onun fikrincə, bundan sonra yardım dəhlizlərinin açılması və hər iki tərəfin enerji infrastrukturu obyektlərinə hücum etməməsini təmin etmək kimi mərhələlər olacaq: “Bunun necə olacağını görəcəyik”.