BAKI, 14 fevral. TELEQRAF

Fevralın 13-də Paris Şəhər Şurası Azərbaycanda ağır hərbi cinayətlərdə ittiham olunaraq həbs edilmiş və hazırda məhkəməsi gedən erməniəsilli şəxslərlə bağlı müzakirə aparıb.

Teleqraf xəbər verir ki, Paris merinin dəvəti ilə müraciətin qəbulunda Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan da iştirak edib.

Ermənistana "sarsılmaz həmrəyliyin" qeyd olunduğu müraciətdə Bakıda mühakimə olunan erməniəsilli şəxslərin azadlığa buraxılmasına çağırış edilib.

Qeyd edək ki, Bakıda hazırda məhkəməsi davam etdirilən erməniəsilli şəxslərə qarşı irəli sürülən ittihamlar bütün dünyanın şahidi olduğu konkret faktlara əsaslanır. Hətta təqsirləndirilən şəxslərin bir çoxu azərbaycanlılara qarşı törədilən cinayətlərdə iştiraklarını etiraf ediblər və Azərbaycan xalqından üzr istəyiblər. Belə olan təqdirdə Paris Şəhər Şurasının məsələni müzakirəyə çıxarması ədalətli məhkəmə prosesinə kobud müdaxilədən başqa bir şey deyil.