BAKI, 25 noyabr. TELEQRAF
İsveçrə Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus müsadirə edilmiş aktivlərdən daha 252,5 milyon dolları Daşkəndə qaytaracaq.
Teleqraf xəbər verir ki, bununla bağlı vəsaitlərin bölüşdürülməsi strategiyasının ikinci mərhələsi çərçivəsində saziş imzalanıb.
Vəsaitlər Özbəkistan, İsveçrə və BMT tərəfindən yaradılmış fond vasitəsilə sosial rifahın yüksəldilməsi və insan kapitalının inkişafı proqramlarına yönəldiləcək. BMT və Dünya Bankı proqramların icrasında iştirak edəcək.
İkinci mərhələdə iki əsas prioritet müəyyən edilib.
Səhiyyə sahəsində uşaqlara və yeniyetmələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, xəstəliklərin profilaktikası və erkən aşkarlanması, bəzi onkoloji xəstəliklərin müalicəsi imkanlarının genişləndirilməsi, eləcə də tibb işçilərinin ixtisasının artırılması nəzərdə tutulur.
Təhsil sahəsində isə yeni məktəblərin tikintisinin dəstəklənməsi, rəqəmsal texnologiyaların tətbiqi, müəllimlərin ixtisasının artırılması və keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi planlaşdırılır.
Vəsaitlərin ayrılmasında kənd ərazilərinə və sosial baxımdan həssas əhali qruplarının yaşayış şəraitinin yaxşılaşdırılmasına üstünlük veriləcək.
Fondun fəaliyyətində korrupsiyanın qarşısının alınmasına, vəsaitlərin təyinatı üzrə xərclənməsinə, layihələrin səmərəliliyinin qiymətləndirilməsinə və vətəndaş cəmiyyəti tərəfindən müstəqil monitorinqin aparılmasına xüsusi diqqət yetiriləcək.