BAKI, 25 noyabr. TELEQRAF
“Sabiq prezident Mixeil Saakaşvili Gürcüstana o qədər zərər vurub ki, fəaliyyətinin yalnız bir xarici ölkənin maraqlarına xidmət etdiyini söyləmək çətindir, onun fəaliyyətlərində bir neçə ölkə iştirak edib”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvü Levan Maçavariani deyib.
Maçavariani Mixeil Saakaşvilinin sosial mediadakı paylaşımına münasibət bildirərkən qeyd edib ki, Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov sabiq prezidentin andiçmə mərasimində iştirak edib və inqilab günlərində Gürcüstana ilk gələnlərdən biri olub:
“Saakaşvilinin neçə ölkənin maraqlarına xidmət etdiyi ayrıca məsələdir. O, bir tərəfdən Gürcüstanın maraqları ilə birbaşa zidd olan ölkələrin maraqlarını təmsil edirdi. Bütün bunlarda neçə ölkənin iştirak etdiyini söyləmək çətindir. Çünki o, Gürcüstana o qədər zərər vurub ki, söhbətin yalnız bir xarici ölkənin maraqlarına xidmət etməkdən getdiyini düşünmək çətindir. Çox güman, onun fəaliyyətində bir neçə ölkə iştirak edib”.
Mixeil Saakaşvilinin “Qızılgül inqilabı” və İqor İvanov haqda paylaşımı artıq Feysbul səhifəsindən silinib. Gürcüstanın sabiq prezidenti sözügedən paylaşımı noyabrın 24-də edib.
Mixeil Saakaşvili həmin paylaşımında yazıb: “Ruslar və gürcü əlaltıları “Qızılgül inqilabı”nın amerikalılar tərəfindən təşkil edildiyini, amerikalıların bizə qarşı çıxdığını və inqilaba ilk xeyir-duanı İqor İvanovun verdiyini deyirlər”.