BAKI, 25 noyabr. TELEQRAF
Litva 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Nazir Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini də dəstəklədiyini qeyd edib.
Qarşıdakı sədrlik münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin sammiti çərçivəsində keçirilən görüşləri xatırladıb. Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq sənədlərinin olduğunu qeyd edən dövlət başçısı Litva ilə münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaratdığını bildirib.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.