BAKI, 25 noyabr. TELEQRAF
Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən bildirib.
Dövlət başçısı münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını qeyd edib.
Görüşdə Litvanın xarici işlər naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsində əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Təbrikə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.