BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycan tarix səhnəsinə dünən çıxmış, köksüz dövlət deyil. Onun tarixi yaddaşında Oğuz Yabqu Dövlətinin bozqır ənənəsi, Qaraqoyunluların qüdrəti, Ağqoyunluların dövlətçilik təfəkkürü və Səfəvilərin siyasi irsi var”.
Teleqraf xəbər verir ki, bunu türkiyəli tarixçi-araşdırmaçı, “Ilımga” dərgisinin təsisçisi Kaman Afşaroğlu Azərbaycana qarşı hicab kampaniyası ətrafında gedən müzakirələri şərh edərkən deyib.
Araşdırmaçı bildirib ki, Azərbaycan torpaqlarında yalnız hökmdarlar dəyişməyib - xanədanlıqlar qurulub, ordular yürüş edib, dövlətlər süquta uğrayıb və yenidən yaranıb:
“Amma türk dövlətçilik ənənəsi bütün bu tarixi fırtınalardan keçərək varlığını qoruyub saxlayıb. Oğuz yabqusu, Qaraqoyunlu hökmdarı, Ağqoyunlu sultanı və Səfəvi şahı eyni tarixi coğrafiyada türk siyasi qüdrətinin müxtəlif dövrlərini təmsil ediblər. Bu gün Azərbaycan Respublikası bu böyük tarixi irsin müasir təmsilçilərindən biridir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qarabağda öz suverenliyini yenidən bərqərar etməsi bu dövlətçilik ənənəsinin müasir dövrdəki siyasi gücünü nümayiş etdirib.
Türk tarixini yalnız Osmanlıdan ibarət hesab edərək Azərbaycana ağıl öyrətməyə çalışanlar Azərbaycanı da yalnız Sovet İttifaqının dağılması nəticəsində yaranmış dövlət zənn edirlər. Halbuki Azərbaycanın tarixi kökləri Moskvanın da, Sankt-Peterburqun da yaranmasından xeyli əvvələ gedib çıxan türk və region dövlətlərinin irsi ilə iç-içədir. Sovet işğalına dəfələrlə müqavimət göstərmiş məğrur Azərbaycan türkləri Cənubi Azərbaycanı da təkbaşına müstəqilliyə qovuşduracaq gücə və xarakterə malikdir.
Bu gün Azərbaycana hücum edənlər Türkiyənin Türküstana açılan qapı olduğunu görməkdə acizdirlər. Onlar bu sözlərimin mənasını anlayacaq bilik və mədəniyyətdən də məhrumdur.
Oğuz Yabqu, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixi irsinin müasir təmsilçisi Azərbaycan və Azərbaycanın Başbuğu İlham Əliyev var olsun. Azərbaycan öz taleyini özü həll etməli və Güney Azərbaycanın müstəqillik mübarizəsini təkbaşına davam etdirməlidir”.