BAKI, 14 oktyabr. TELEQRAF

"Vahid məktəbli geyimi ilə bağlı məsələdə uşaqlar, yeniyetmələr və gənclər vasitəsilə Azərbaycana təsir göstərmək istəyən müəyyən xarici qüvvələr var".

Bunu Teleqraf-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, məktəblilərin nümayiş etdirdiyi bəzi aqressiv reaksiyalar heç də onların öz şəxsi fikri deyil.

“Bu, kənar təzyiqlərin və xüsusilə sosial şəbəkələr vasitəsilə edilən provokativ çağırışların nəticəsidir. Gənclərimiz, yeniyetmələrimiz bu kimi çağırışlara yönəlməməlidirlər. Valideynlər bu məsələyə şüurlu yanaşmalı və vahid geyim qaydalarını dəstəkləməlidirlər. Çünki atılan bu addım şagirdlərin və cəmiyyətin tərəqqisinə xidmət edir".

Sosioloq qeyd edib ki, bu qərar eyni zamanda din adı altında Azərbaycana təsir göstərmək istəyən qüvvələrə, cəhalətə və xurafata qarşı yönəlmiş mühüm bir addımdır.

"Azərbaycana qarşı olan bəzi xarici qüvvələr manipulyativ vasitələrdən, sanki bir növ sosial treninqlərdən istifadə edirlər. Bu səbəbdən uşaqlar, yeniyetmələr, gənclər və onların valideynləri, bütövlükdə bütün vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar. Bilməlidirlər ki, həmin dairələr Azərbaycan üzərindən öz məqsədlərinə nail olmaq istəyirlər. Onların əsl məqsədi ölkəmizdə dini etiqadın vəziyyəti deyil, sadəcə din amili üzərindən siyasi təsir imkanlarını qazanmaqdır. Erməni işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i yerlə yeksan ediləndə, bəzi məscidlərdə donuz saxlanılanda özlərini din fədaisi kimi göstərən ölkələr heç bir reaksiya vermirdilər. Amma indi onlar “din təəssübkeşi” kimi çıxış edirlər. Bu, reallıqdır".

Sosioloq vurğulayıb ki, dövlət məktəblərində vahid geyimin tətbiq olunması Azərbaycanın dinə və ya hicaba qarşı olması anlamına gəlmir, çünki qərarda ümumiyyətlə hicab adı çəkilmir:

"Azərbaycan dövləti dini dəyərlərə hörmətlə yanaşır. Lakin təəssüf ki, Sumqayıtda, Bakının bir sıra ərazilərində - Lökbatan və Balaxanıda qeyri-qanuni dini tədrisə cəlb olunma halları müşahidə olunub. Hətta bununla bağlı tənbeh tədbirləri də görülüb. Valideynlər öz hüquqlarından sui-istifadə edərək uşaqların mənafelərinə zidd addımlar atırlar. Belə ki, uşaqlarını dünyəvi orta məktəblərə buraxmayaraq qeyri-qanuni dini dərslərə, təriqətlərə cəlb etmək faktlarına rast gəlinib. Bununla bağlı hüquq-mühafizə orqanları mütəmadi olaraq müxtəlif illərdə tədbirlər həyata keçirib. Halbuki azyaşlı uşaqların dünyagörüşü hələ tam formalaşmayıb və valideynlər bu addımla onları dünyəvi təhsildən yayındırıb cəhalətə sürükləyirlər.

Unutmaq olmaz ki, hər bir vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən qorunur. Ona görə də müxtəlif dini təriqətlərə qoşulub övladlarını dünyəvi təhsildən uzaqlaşdıranlarla bağlı müvafiq tədbirlər görülür və bu proses davamlı xarakter daşıyacaq".