BAKI, 12 oktyabr. TELEQRAF

Yaponiya Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu “Beş Göz” (Five Eyes) kəşfiyyat alyansına üzv ölkələrdə tətbiq edilən məxfilik normalarını öz bölmələrində tətbiq etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Nəşr yazıb ki, bu siyasət Tokionun təhlükəsizlik sahəsində sözügedən ölkələrlə əməkdaşlığını daha da gücləndirmək məqsədi daşıyır. Qərara əsasən, məxfi və gizli məlumatlara çıxışı olan əməkdaşların sayı əhəmiyyətli dərəcədə azaldılacaq, belə informasiyaların saxlanıldığı otaqların sayı da ixtisar ediləcək.

Bundan əlavə, əməkdaşların müxtəlif məxfilik dərəcələrinə aid məlumatlara çıxış əldə etməsi üçün müəyyən edilmiş meyarların sərtləşdirilməsi nəzərdə tutulur. Belə məlumatların ötürülməsi üçün istifadə olunan rabitə xətlərinin modernləşdirilməsinə 2027-ci maliyyə ilində (31 mart 2028-ci ildə başa çatır) 14,6 milyard yen (92,4 milyon dollardan çox) vəsait ayrılması qərara alınıb.