BAKI, 8 oktyabr. TELEQRAF
Ukrayna ordusu sərhəddən təxminən 2500 kilometr məsafədə yerləşən Rusiyanın Omsk neft emalı zavoduna dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bildirib ki, bölgə Ukraynanın dron hücumuna məruz qalıb.
Omsk sakinləri hücumdan sonra neft emalı zavodunun yaxınlığında bir neçə partlayış baş verdiyini bildiriblər.
Ukrayna sərhədindən təxminən 2500 kilometr məsafədə yerləşən müəssisə Rusiyanın ən böyük neft emalı zavodudur. O, “Qazprom Neft” şirkətinə məxsusdur və ildə 22 milyon tona qədər neft emal edə bilir.
Zavod Rusiyada istehsal olunan hər altı litr benzindən birini və ekoloji cəhətdən beşinci sinfə aid dizel yanacağının hər altı litrindən birini istehsal edir.
Ukrayna dronları ilk dəfə iyulun 6-da bu neft emalı zavoduna zərbə endirib. Hücum nəticəsində müəssisədə neftin ilkin emalı qurğuları zədələnib və bu səbəbdən zavod fəaliyyətini dayandırıb.