BAKI, 9 oktyabr. TELEQRAF
“Rusiya Xəzər dənizinin dayazlaşmasını regionun ən kəskin problemlərindən biri hesab edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, son 20 ildə Xəzər dənizinin Rusiyaya aid sahil ərazilərində qurumuş sahələrin ümumi ərazisi 20 min kvadrat kilometrə çatıb.
Putinin sözlərinə görə, Rusiya naviqasiyanın təmin edilməsi üçün hər il büdcədən böyük vəsait ayıraraq dərinləşdirmə işləri aparmağa məcbur olur. O vurğulayıb ki, dənizin səviyyəsi hazırkı sürətlə - ildə orta hesabla 9 santimetr azalmağa davam edərsə, bu, ciddi ekoloji nəticələrə səbəb ola bilər.
Rusiya liderinin fikrincə, dənizin dayazlaşması balıqçılığa zərər vurur, sahilyanı torpaqların eroziyasını sürətləndirir və bioloji ehtiyatların azalmasına səbəb olur. O, bu prosesin Xəzər regionundakı sosial-iqtisadi vəziyyətə mənfi təsirinə də diqqət çəkib.
Putin hesab edir ki, dəniz səviyyəsinin aşağı düşməsi Transxəzər logistika dəhlizlərinin investisiya cəlbediciliyini azaldır, əhalinin həyat keyfiyyətinin pisləşməsi və iş yerlərinin itirilməsi təhlükəsi yaradır, həmçinin digər ciddi böhran hallarına səbəb ola bilər.
Rusiya lideri Xəzər dənizinin dayazlaşmasının əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bildirib: “Orta illik temperaturun yüksəlməsi su səthindən buxarlanmanın intensivliyinə, atmosfer yağıntılarının miqdarına və dənizə tökülən çaylardan gələn suyun həcminə təsir göstərir”.
Vladimir Putinin qiymətləndirməsinə əsasən, əlavə amillərdən biri də üstünlük təşkil edən küləklərin istiqamətinin dəyişməsidir: “Əvvəllər Atlantik okeanı tərəfdən gələn hava kütlələrini Mərkəzi Asiyadan gələn isti və quru hava axınları əvəz edir ki, bu da buxarlanmanı gücləndirir”.
Putin qeyd edib ki, bütün bu amillərin məcmusu Xəzər dənizinin ekosistemini qorumaq üçün sahilyanı dövlətlərin əlaqələndirilmiş fəaliyyətini tələb edir.