BAKI, 12 iyul. TELEQRAF
Çin Yaponiyanın Cənubi Çin dənizi ilə bağlı mövqeyini pisləyərək Tokionu region məsələlərinə müdaxilə etməkdə və yenidən hərbiləşməyə cəhd göstərməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Yaponiya Cənubi Çin dənizi üzrə ərazi mübahisələrinin tərəfi deyil və bu məsələdə Çinin suveren hüquqları ilə bağlı fikir bildirmək səlahiyyətinə malik deyil. Pekin Tokionu regiona müdaxilə etməkdə və İkinci Dünya müharibəsindəki təcavüzkar siyasətini xatırladan addımlar atmaqda ittiham edib.
Çin XİN vurğulayıb ki, Pekin Cənubi Çin dənizindəki hüquqlarını qanuni hesab edir və 2016-cı ildə Haaqa Arbitraj Məhkəməsinin Filippinin iddiası üzrə çıxardığı qərarı tanımır. Nazirlik həmin qərarın hüquqi qüvvəsinin olmadığını və beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.
Bundan əlavə, Çin Yaponiyanı Cənubi Çin dənizi ilə bağlı "gərginliyi artıran bəyanatlardan" çəkinməyə çağıraraq, ölkənin ərazi suverenliyini və maraqlarını qətiyyətlə müdafiə edəcəyini bildirib.