BAKI, 11 iyul. TELEQRAF

Yaponiyanın ən cənub prefekturası olan Okinavada "Bavi" qasırğasının təsiri nəticəsində 23 mindən çox ev və mənzil elektrik enerjisiz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ictimai televiziya kanalı məlumat yayıb.

Məlumata görə, ən böyük zərər kurort adası Miyakoya dəyib. Burada təxminən 16 min tikili işıqsız qalıb.

Təbii fəlakət zonasında 12 nəfər xəsarət alıb. Onların əksəriyyəti küləyin sovurduğu əşyaların dəyməsi və ya güclü küləyin təsiri ilə yıxılması nəticəsində müxtəlif xəsarətlər alıb. Miyako adasında iki turist dalğalar tərəfindən dənizə aparılsa da, xəsarətlərlə sahilə çıxmağı bacarıb.

Okinava adasının və prefekturaya daxil olan digər adaların hava limanlarında 220 aviareys ləğv edilib.

“Focus Taiwan” portalının məlumatına görə isə, Tayvanda "Bavi" qasırğasının elektrik ötürücü xətlərə vurduğu ziyan nəticəsində 177,4 mindən çox təsərrüfat işıqsız qalıb.

Portal daha əvvəl elektrik enerjisinin kəsilməsi səbəbindən 27 min təsərrüfatın işıqsız qaldığını bildirmişdi.

Son məlumata görə, qasırğa ilə əlaqədar baş vermiş hadisələr nəticəsində xəsarət alanların sayı 87 nəfərə çatıb. Daha əvvəl 36 yaralı barədə məlumat verilmişdi.

Hazırda qasırğanın ən fəal hissəsi Yaponiya ərazisini tərk edərək saatda 25 kilometr sürətlə Çinin sahilləri istiqamətində hərəkət edir.