BAKI, 5 iyun. TELEQRAF

Özbəkistanda tikiləcək atom elektrik stansiyasının (AES) dəyəri 9,5 milyard dollara çata bilər.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Atom Enerjisi Agentliyinin (“Uzatom”) direktoru Azim Ahmadxojayev məlumat verib.

“Uzatom” rəhbəri deyib ki, vahid infrastruktur əsasında iki kiçik və iki böyük reaktorun bir ərazidə yerləşdirilməsi formatı seçilib. Bu yanaşma xərclərin optimallaşdırılmasına imkan verir.

“Baza xərcimiz 9,5 milyard dollardır. Bu, ümumi, maksimum məbləğdir”, - Ahmadxojayev bildirib.

“Uzatom” direktoru əlavə edib ki, ümumi xərclər lokallaşdırma səviyyəsini nəzərə almır və lokallaşdırmanın 30 faizə qədər artırılması planlaşdırılır. Bu, yerli istehsalçıların cəlb edilməsini nəzərdə tutur və layihənin dəyərini azaltmalıdır:

“85-90 faizi kredit şəklində cəlb etmək istəyirik. Beynəlxalq tərəfdaşlarımızla birlikdə apardığımız hesablamalara görə, layihəyə bu məbləğdə vəsait qoyulsa, onun büdcəyə təsiri 165 milyard dolları keçəcək. Əlaqəli xidmətlər ortaya çıxacaq və vergi güzəştləri də hesablanmağa başlayacaq. Bu baxımdan layihə çox effektiv hesab olunur”.