BAKI, 8 aprel. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə əldə edilən razılaşmanı alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin müşaviri və mətbuat katibi Aybək Smadiyarov məlumat verib.

“Bu razılaşma ABŞ Prezidenti Donald Tramp və İranın ali rəhbərliyinin, eləcə də hərbi münaqişədə iştirak edən ölkələrin xoşməramlılığı və diqqəti sayəsində mümkün olub. Dövlət başçısı dünya ticarətinin inkişafı və bütün ölkələrin iqtisadi cəhətdən çiçəklənməsi üçün şərait yaratmaq məqsədilə əldə edilən sülh razılaşmasının uzunmüddətli xarakter daşıyacağına ümid etdiyini bildirib”, - Tokayevin sözçüsü qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.