BAKI, 27 oktyabr. TELEQRAF

Qazaxıstanda sanksiyalar səbəbindən Rusiya vətəndaşlarına avtomobil satışı dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Mash Money” məlumat yayıb.

Mənbənin məlumatına görə, Almatıdakı “Skoda” avtosalonunda Rusiya vətəndaşına Rusiya pasportu ilə avtomobil alqı-satqısı müqaviləsi bağlamaqdan imtina edilib. Buna səbəb kimi Avropa İttifaqının sanksiyaları və Çexiya konserninin siyasəti göstərilib.

Əvvəllər də belə hallar qeydə alınmışdı, amma yalnız Qazaxıstanda yaşamayan Rusiya vətəndaşlarına münasibətdə. “Autonews” və “Kazakhstan Today” nəşrlərinin yazdığına görə, “Hyundai”, “Kia”, “Toyota”, “Volkswagen”, “Chery”, “Audi”, “Nissan”, “Lexus” və “Lada” markalarının yerli dilerləri satış məhdudiyyətləri tətbiq ediblər.

Bununla yanaşı, “Volkswagen” siyasi vəziyyətə istinad edir, “Audi” zavodun birbaşa qadağasının olduğunu bildirir, “Kia” isə avtomobilləri yalnız yaşayış icazəsi və ya vergi identifikasiya kodu olan şəxslərə satır.

Məlumata görə, bir çox diler sanksiyalara məruz qalmaq qorxusu ilə birbaşa satışdan yayınır. Buna görə də Rusiya vətəndaşları avtomobilləri yerli vasitəçilərin köməyi ilə alırlar.

Yekaterinburqdan olan alıcı İlya Mazayev bildirib ki, Qazaxıstanda alqı-satqı müqaviləsini rəsmiləşdirərkən, ona dərhal məsələləri alternativ yollarla həll etmək təklif olunub.

Rusiya Milli Avtomobil İttifaqının sədr müavini Anton Şaparinin sözlərinə görə, dilerlər sadəcə təchizatdan məhrum olmaqdan qorxurlar. Əgər avtomobil istehsalçılarının baş ofisləri Qazaxıstan tərəfinin Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etdiyindən şübhələnsələr, həmin dilerlərlə bütün müqavilələri ləğv edə bilərlər.