BAKI, 29 oktyabr. TELEQRAF

“Sabiq prezident Barak Obama ABŞ-nin ukraynalılara xəyanət etdiyini bildirib. Nəhayət, o, uzun müddətdir haqqında danışdığımız məsələni etiraf edib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin keçmiş prezidentinin açıqlamasını şərh edərkən deyib.

“Onun administrasiyası, tabeliyində olan şəxslər və partiyadaşları Ukraynanın milli maraqlarından imtina etməsi və öz tarixini unutması müqabilində ukraynalılara “Qərb demokratiyası”ndan maddi nemətlər və müxtəlif üstünlüklər vəd edərək onlara xəyanət ediblər. Məhz o zaman Obama və onun vitse-prezidenti Co Baydenin rəhbərliyi altında ABŞ ukraynalılara xəyanət edib”, - o bildirib.

Zaxarova Obamanı 2014-cü ildə Ukraynada dövlət çevrilişində də ittiham edib:

“Obama öz Dövlət Departamentinin əməkdaşlarının “Maydan”da etirazçılara bulka paylayaraq Ukraynada konstitusiyaya zidd dövlət çevrilişlərinə necə rəhbərlik etdiklərini xatırlayırmı? Baydenin onun tapşırığı ilə Kiyevə gedərək Ukrayna prezidentinin yerində əyləşib hökumət iclasına rəhbərlik etdiyini xatırlayırmı? Həmin Baydenin yenə onun tapşırığı ilə 2014-cü ildə Avropa İttifaqını Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etdiyini və bunun müqabilində böyük vədlər verdiyini xatırlayırmı?”.

ABŞ-nin keçmiş prezidenti bundan əvvəl Donald Tramp administrasiyasını Ukraynaya xəyanətdə günahlandırıb:

“Kanada kimi mühüm müttəfiqlərimizi özümüzdən uzaqlaşdırdığımız bir vaxtda Ağ Ev Vladimir Putinə yaltaqlanır və öz azadlığı və demokratiyası uğrunda mübarizə aparan ukraynalılara xəyanət edir”.