BAKI, 17 fevral. TELEQRAF
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ABŞ-yə səfərə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Berdiməhəmmədovun səfəri iki ölkə arasında konstruktiv münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər açacaq. Qeyd olunub ki, Türkmənistan və ABŞ arasında əməkdaşlıq xoşməramlılıq və bərabərlik prinsiplərinə əsaslanır və hazırda mütərəqqi artımla xarakterizə olunur.
Türkmənistan lideri səfəri çərçivəsində fevralın 19-da Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasında iştirak edəcək.
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh prosesinin bir hissəsi olaraq yaradılmış Sülh Şurasının nizamnaməsini Azərbaycan da daxil 19 ölkə imzalayıb. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Türkmənistan hələ şuraya qoşulduğunu açıqlamayıb.