BAKI, 26 yanvar. TELEQRAF

Asel Azamatova adlı qadın Qırğızıstan parlamentinin deputatı Eldar Süleymanovu məişət zorakılığında ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media paylaşımında bildirib.

Asel deputatın keçmiş həyat yoldaşı olduğunu iddia edib.

O bildirib ki, bu zorakılıq Eldar Süleymanovun 2022-ci ilin əvvəlində Joqorku Keneşin (parlament) üzvü seçilməsi ilə başlayıb.

Paylaşımda deyilir ki, 2022-ci ilin yayında döyüldükdən sonra xəstəxanaya yerləşdirilib, polis ifadəsini alıb. Amma iddiasına görə, polis bundan sonra onu yoxlamaq üçün zəng etməyib.

Asel yazır ki, bir neçə aydan sonra ərindən tamamilə asılı olduğu üçün onu bağışlayıb. Amma davamlı içki, xəyanət və zorakılıq dayanmayıb, sonda boşanmaq üçün müraciət etməyə məcbur olub.

Qadın həmçinin özünün qançır olmuş bədəninin şəklini də paylaşıb.

Asel Azamatova qeyd edir ki, üç uşağının gözü qarşısında vəhşicəsinə döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına sonuncu şikayətini 2024-cü il aprelin 6-da edib. Məhkəmə-tibbi ekspertizası onun bədənində hematom, qançır və saçlarının qopmasını təsdiqləyib.

Qadın vurğulayır ki, Eldar Süleymanovun onu təqib etməsi, uşaqlarına psixoloji təzyiq göstərməsi, ona böhtan atması və övladlarını zorla əlindən almaqla hədələməsinin qarşısını almağa çalışır.