BAKI, 26 dekabr. TELEQRAF
Yaponiya hökuməti 2026-cı maliyyə ili üçün ordunun modernləşdirilməsi və regional çətinliklərlə mübarizə məqsədi daşıyan, əvvəlki ilə nisbətən təxminən 10 faiz artımla 9 trilyon yapon yenindən (təxminən 58 milyard dollar) çox rekord müdafiə büdcəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, büdcənin əhəmiyyətli hissəsi (6,2 milyard dollar) raket potensialının gücləndirilməsi, o cümlədən 1000 kilometr mənzilli yerli istehsal raketlərin alınmasına yönəldiləcək.
Müdafiə xərclərinin kəskin artması Yaponiyanın Tayvan məsələsində mümkün iştirakı ilə bağlı açıqlamalardan sonra Çinlə yüksələn gərginlik fonunda baş verir.
Yaponiya beş illik yenidən silahlanma proqramının nəticəsi olaraq, ABŞ və Çindən sonra dünyada üçüncü ən böyük hərbi büdcəyə malik ölkəyə çevriləcək. Bununla Rusiyanı geridə qoyacaq.
Hərbi xərclərin artan yükünü ödəmək üçün hakimiyyət korporativ mənfəət və gəlir vergisi də daxil olmaqla, bir sıra vergiləri artırmağı planlaşdırır.