BAKI, 17 dekabr. TELEQRAF
Rusiya Mərkəzi Asiya ölkələri və Azərbaycanın dövlət başçıları arasında məsləhətləşmə görüşləri formatına qoşulma imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Tacikistandakı səfirinin birinci katibi Aleksey Zenko Düşənbədə keçirilən "Mərkəzi Avrasiya dövlətləri inteqrasiya prosesində: prioritetlər, qarşılıqlı əlaqənin xarakteri, imkanlar" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
"Buraya yeni ittifaqların, beynəlxalq təşkilatların və inteqrasiya birliklərinin yaradılması və möhkəmləndirilməsi daxildir. Rusiya "Mərkəzi Asiya beşliyi" formatının formalaşmasını böyük maraqla izləyir və Azərbaycanla əlaqəli məsləhətləşmə görüşlərini diqqətlə təqib edir. Rusiya Mərkəzi Asiyaya coğrafi və tarixi yaxınlığı, inkişaf etmiş iqtisadi və nəqliyyat əlaqələri nəzərə alınaraq, bu formatda iştirak etməyin koordinasiyanı gücləndirəcəyini, inteqrasiyanı təşviq edəcəyini və region ölkələrinin müstəqilliyini qoruyaraq daha inklüziv təhlükəsizlik arxitekturası yaradacağını bildirir".
Diplomat əlavə edib ki, bu proseslər Mərkəzi Asiyada və ümumilikdə Avrasiya məkanında əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.