BAKI, 23 noyabr. TELEQRAF
İtaliya şirkətləri Azərbaycan müəssisələrinə istehsal proseslərinin innovasiyalaşdırılmasında və yeni bacarıqların inkişafında dəstək göstərməyə hazırdılar.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya Sənaye Konfederasiyasının (CONFINDUSTRIA) Kiçik Sənaye bölməsinin vitse-prezidenti Fausto Mazzali Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, daha konkret, lakin eyni dərəcədə əhəmiyyətli istehsal sahələrində də imkanlar mövcuddur:
“Buraya əczaçılıq, kənd təsərrüfatı texnikası və aqrar-sənaye kompleksi, qablaşdırma, eləcə də məhsulların emalı və saxlanması texnologiyaları daxildir.
Bu, müxtəlif sahələrdə mövcud təcrübə İtaliyanın Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi proseslərinə geniş spektrdə töhfə verə biləcəyini göstərir. Bu baxımdan, İtaliyanın kiçik və orta müəssisələri xüsusilə əhəmiyyətli rol oynaya bilər. Onların əsas üstünlükləri texnologiya, bilik və təcrübə, eləcə də kompleks həllər təqdim etməklə sənayenin modernləşdirilməsi və inkişafı proseslərinə dəstək vermək imkanlarıdır”.