BAKI, 16 dekabr. TELEQRAF

Rusiya alimləri yaşlanmanı ləngitmək, insan və onun daxili orqanlarının bioloji yaşını ölçməyin yollarını axtarmağa başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə RBC Rusiyanın üç elmi mərkəzinə istinadla məlumat yayıb.

Hazırda N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat-Tibb Universitetində beyin qocalması və bunun koqnitiv funksiyaların pisləşməsinə təsiri öyrənilir. Alimlər həmçinin yaşla əlaqədar əzələ kütləsi və gücünün zəifləməsi problemini araşdırırlar. İnstitutda artıq “qocalmış hüceyrələr”i, yəni zamanla orqanizmdə çoxalma qabiliyyətini itirən hüceyrələri məhv edən xüsusi molekullar hazırlanıb. Universitetin alimləri iddia edirlər ki, bu molekullar yaşlanmanı ləngidir.

Akademik Petrovski adına Rusiya Cərrahiyyə Elmi Mərkəzində isə “bioloji yaş saatları” hazırlanır. Yaşlanmanı ən yaxşı əks etdirən göstəricilərin hansılar olduğunu anlamaq üçün institut dünyanın 60 mütəxəssisinin cəlb olunduğu genişmiqyaslı tədqiqatda iştirak edib. Nəticədə yaşlanmanın 14 əsas markeri müəyyənləşdirilib. Onların sırasında əzələ gücü, hərəkət sürəti, qanda iltihabi göstəricilər və hətta DNT-də dəyişikliklər var.

Bundan əlavə, mərkəzdə yaşlanma mexanizmlərinə birbaşa təsir edən maddələr axtarılır və sınaqdan keçirilir.

A.N. Belozerski adına Fiziki-Kimyəvi Biologiya Elmi-Tədqiqat İnstitutunda isə autofagiya - hüceyrələrin özünütəmizləmə və bərpa mexanizmi öyrənilir. İnstitutun alimlərinə görə, yaş artdıqca bu proses zəifləyir və bu da hüceyrənin yaşlanmasının səbəblərindən biridir. Nematod qurdlarının ömrünü 30 faiz uzadan bir neçə aktiv molekul mövcuddur. Hazırda institutda bu maddələrin siçanlar üzərində effektivliyi araşdırılır, gələn il isə siçovullar və dəniz donuzları üzərində tədqiqatların aparılması planlaşdırılır.

Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl ölkəsində orta ömür uzunluğunun 150 ilə çatdırıla biləcəyini açıqlamışdı. Rusiya liderinin sözlərinə görə, hələlik hakimiyyət göstəricini qadınlar üçün təxminən 80 ilə, kişilər üçün isə bir qədər aşağı səviyyəyə qaldırmağa çalışır.