BAKI, 22 oktyabr. TELEQRAF

Türkiyə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş üçün alternativ məkana çevrilə bilər, orada sammiti təşkil etmək Macarıstandan daha asan olardı.

Teleqraf xəbər verir ki, bu fikirləri TASS-a amerikalı politoloq Con Kavuliç deyib.

“Tramp-Putin sammiti üçün alternativ məkan kimi Türkiyəyə diqqət edin. Hər iki prezident üçün oraya getmək, təhlükəsizliyi təmin etmək daha asandır”, - ekspert bildirib.

O xatırladıb ki, Tramp bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukraynadakı münaqişəsinin həllindəki rolunu yüksək qiymətləndirib. Kavuliçin sözlərinə görə, Ankara və İstanbulda saraylar da daxil olmaqla, görüş üçün bir sıra münasib yerlər var.

ABŞ prezidenti oktyabrın 21-də bəyan edib ki, Budapeştdə Rusiya-Amerika sammitinin baş tutub-tutmayacağına dair qərar yaxın iki gündə verilə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Rusiya prezidentlərinin Budapeştdə nəzərdə tutulmuş görüşünün ləğv edilməsi barədə məlumat yayılmışdı.