BAKI, 1 oktyabr. TELEQRAF
Yeddilik Qrupu (G7) ölkələri iqtisadi, enerji və hərbi sektorlarına, eləcə də üçüncü ölkələrə qarşı anti-Rusiya sanksiyalarının sərtləşdirilməsinə dair razılaşmaya yaxındır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” saziş layihəsinə istinadla məlumat yayıb.
“Razılaşdıq ki, indi Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracına maksimum təzyiq göstərməyin vaxtıdır”, - nəşrin həmsöhbəti deyib.
O qeyd edib ki, Rusiyanın neft şirkətlərinə və kölgə donanmasına sanksiyalar tətbiq oluna bilər.
Layihədə həmçinin bildirilib ki, G7 nazirləri Rusiyanın dondurulmuş aktivlərinin sonrakı istifadəsi üçün metodları əlaqələndirəcəklər.
“Bloomberg”in adını açıqlamayan mənbəsi söyləyib ki, layihə yekun deyil və imzalanmadan əvvəl düzəlişlər edilə bilər. G7-nin maliyyə nazirlərinin oktyabrın 1-də bəyanat verəcəyi gözlənilir, amma nəşr onun məzmunu ilə bağlı heç bir məlumat verməyib. Başqa bir mənbəyə görə, həm Avropa İttifaqı, həm də G7 ölkələri anti-Rusiya sanksiyaları üzərində işi oktyabrın sonuna qədər yekunlaşdırmağı planlaşdırır.