BAKI, 13 avqust. TELEQRAF

“Rusiyaya gələn əcnəbilər övladlarının təhsili üçün tam məsuliyyət daşımalıdırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev deyib.

“Biz XVI yox, XXI əsrdə yaşayırıq. Ümumtəhsil məktəbi bütün sivilizasiyanın nailiyyətidir”, - o bildirib.

Fadeyev qeyd edib ki, Rusiya Konstitusiyası, eləcə də Özbəkistan, Tacikistan və Qırğızıstan qanunvericiliyinə əsasən, valideynlər övladlarının təhsili üçün məsuliyyət daşıyırlar:

“Əgər siz onların rus məktəbinə getmələrini istəyirsinizsə, dil öyrənməyə səy göstərin, lazımi hazırlığı və dəstəyi göstərin. Yaxud evdə oxusunlar, təhsil prosesini və digər uşaqların hüquqlarını pozmasınlar. Nə üçün əcnəbi valideynlər məsuliyyəti bizim üzərimizə atırlar?”

Onun iddiasına görə, Rusiyada məktəbə yazılmayan çoxlu sayda miqrant övladları var:

“Kimsə onları nəzərə almır, bazarlarda olurlar. Çox vaxt qızlar məktəbə getmirlər. Valideynlər deyirlər: “Niyə? Bir az da böyüsün, onu evləndirəcəyik”. Ancaq Rusiyada buna ehtiyacımız yoxdur. Bizə XVI əsr lazım deyil”.

Valeri Fadeyev həmçinin Mərkəzi Asiya dövlətləri ilə viza rejiminin tətbiqinin əleyhinə çıxış edərək, xarici təzyiqlər fonunda bu ölkələrlə vahid iqtisadi məkanın və sıx iqtisadi əlaqələrin vacibliyini vurğulayıb. Rusiya regionlarında miqrantların işinə qoyulan məhdudiyyətlərə toxunan Fadeyev bu cür təşəbbüsləri dəstəkləmədiyini qeyd edib: “Əgər miqrant rus dilini yaxşı bilirsə, yol hərəkəti qaydalarından xəbərdardırsa, niyə taksi sürücüsü işləməməlidir?”