BAKI, 28 noyabr. TELEQRAF

Dəniz Hüququ üzrə Beynəlxalq Məhkəmə Argentinanın Böyük Britaniya tərəfindən Folklənd adaları yaxınlığında neft hasilatı layihəsinin dayandırılması ilə bağlı müraciətini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə “La Nacion” məlumat yayıb.

Məhkəmə Buenos-Ayresin təqdim etdiyi iddiaya baxmaq üçün yurisdiksiyaya malik olmadığı barədə qərar qəbul edib. Məhkəmə Böyük Britaniyanın arqumenti ilə razılaşıb. Həmin arqumentə əsasən, Argentina adalar üzərində suverenliyini əvvəlcədən müəyyənləşdirmədən kontinental şelf üzərində suveren hüquqlarının tanınmasını tələb edə bilməz.

“La Nacion” yazıb ki, məhkəmə Argentinanın adalar ətrafındakı suların üst-üstə düşən dəniz hüquqlarına malik zonalar kimi tanınması barədə arqumentini də rədd edib. Belə bir statusun hər iki ölkə arasında müvəqqəti sazişlərin bağlanmasını tələb edə biləcəyi bildirilirdi.

Kontinental şelf ətrafında mübahisə arxipelaqdan təxminən 220 kilometr şimalda yerləşən böyük neft yatağının işlənməsi üzrə “Sea Lion” layihəsinin icrasına hazırlıq fonunda kəskinləşib.

Neft hasilatı üçün lisenziyalar adaların Britaniya tərəfindən verilib. Layihəni İsrailin “Navitas Petroleum” və Böyük Britaniyanın “Rockhopper Exploration” şirkətləri həyata keçirir.

Argentina buradakı sularda neft şirkətlərinin fəaliyyətini dəfələrlə “qanunsuz” adlandırıb. Sentyabr ayında isə adalar yaxınlığında karbohidrogen hasilatında iştirak edən 60 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Folklənd arxipelaqı ümumi sahəsi 12 min kvadratkilometrdən bir qədər çox olan iki böyük və təxminən 800 kiçik adadan ibarətdir. Əhalisi təxminən 3,2 min nəfərdir. Təxminən 200 ildir bu adalar Argentina ilə Böyük Britaniya arasında mübahisə predmetidir. 1982-ci ilin aprelində iki ölkə arasında silahlı münaqişə başlayıb. Cənubi Amerika ölkəsi müharibədə məğlub olub. İki ay yarım davam edən döyüşlərdə Argentina 649, Böyük Britaniya isə 255 hərbçisini itirib. Argentina adalar üzərində Böyük Britaniyanın suverenliyinə BMT mexanizmləri vasitəsilə etiraz etməyə davam edir. Amma indiyədək tərəflər arasında kompromis əldə olunmayıb.