BAKI, 28 noyabr. TELEQRAF

Ukrayna Rusiya Prezidenti Vladimir Putinin “sevimli layihə”sini - Krım körpüsünü tamamilə məhv etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” hərbi mənbələrə istinadla məlumat yayıb.

Hərbi mənbələrdən əldə edilən informasiyaya görə, Ukrayna Prezidenti Volodimir Zelenski məsələ ilə bağlı ordu komandanlığına birbaşa göstəriş verib. Ukrayna lideri körpünün qalan bütün hissəsinin tamamilə dağıdılmasını istəyir.

Ukrayna 10 gün əvvəl işğal altındakı Krımı Rusiya ilə birləşdirən körpüyə dron və raketlərlə zərbə endirib. Hava hücumu nəticəsində körpünün dördzolaqlı avtomobil yolu hissəsi dayaq tağı ilə birlikdə Kerç boğazının sularına çöküb. “The Telegraph”ın yazdığına görə, bu, Rusiyanın Krımda yerləşən qoşunlarını təchiz etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Ukraynanın “Neptun” raketləri körpünün möhkəmləndirilmiş dəmir yolu hissəsinə də ciddi ziyan vurub.

“Prezident onun tamamilə məhv edilməsini istəyir”, - hərbi mənbə deyib.

O, artıq yeni zərbələrin hazırlandığını da bəyan edib.

Nəşrin fikrincə, bu, Volodimir Zelenski üçün böyük siyasi qələbə olardı. Ukrayna Prezidenti hazırda məhz bu yolla Rusiyanın Krım üzərində nəzarətini zəiflətməyə çalışır.

Krım körpüsü “Kerç körpüsü” kimi də tanınır. Vladimir Putin 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra onun tikintisinə göstəriş verib. Körpünün açılışını isə 2018-ci ildə şəxsən idarə etdiyi yük maşını ilə 19 kilometrlik keçiddən keçməklə edib.

2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri Ukrayna Silahlı Qüvvələri dəfələrlə körpünü sıradan çıxarmağa cəhd edib. Məqsəd hər zaman eyni olub: Rusiyanın işğal altındakı yarımadaya və Ukraynanın cənubunda yerləşən qoşunlarına təchizat göndərmək imkanlarını məhdudlaşdırmaq. Amma bu cəhdlərin heç biri 2026-cı il noyabrın 18-dək uğurlu olmayıb.