BAKI, 28 noyabr. TELEQRAF

“Fransa prezidenti seçiləcəyim təqdirdə dərhal Çinlə danışıqlara başlayacağam”.

Teleqraf xəbər verir ki, bunu Fransanın solçu “Tabe Olmayan Fransa” partiyasının sədri və prezidentliyə namizəd Jan-Lük Melanşon deyib.

O bildirib ki, Fransa ABŞ-nin Çinlə müharibəsində Vaşinqtona dəstək verməməlidir:

“Biz Çinlə müharibə istəmirik. Bunun səbəblərindən biri də odur ki, bu müharibədə qalib gələ bilməyəcəyik. Mən realistəm”.

Melanşon Tayvan ətrafındakı gərginliyə diqqət çəkərək vurğulayıb ki, Çinlə müharibə Fransanın maraqlarına uyğun deyil və belə bir müharibədə qələbə qazanmaq real görünmür. Bununla yanaşı, solçu siyasətçi Fransanın daha müstəqil xarici siyasət yürütməsinin tərəfdarı olduğunu vurğulayıb.

Melanşonun sözlərinə görə, Paris Vaşinqtonun geosiyasi maraqlarının avtomatik olaraq Fransanın maraqlarına çevrilməsinə imkan verməməlidir:

“Nə amerikalıların, nə də başqalarının tərəfində olacağıq. Qoşulmama cəbhəsi yaratmaq istəyən hər kəsi bizə qoşulmağa dəvət edəcəyik. Güclü olmalıyıq və İkinci Dünya müharibəsinin ən böyük nailiyyətinə - Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq hüquqa arxalanacağıq”.