BAKI, 28 noyabr. TELEQRAF

Ermənistanın keçmiş baş prokuroru Boris Nazaryan ölkənin sabiq müdafiə naziri Vahram Xorxoruninin qətli ilə bağlı cinayət işində ittiham olunur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 1998-ci il dekabrın 10-da İrəvan şəhərində Vahram Xorxoruninin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işindən ayrılmış hissə üzrə ibtidai istintaq zamanı bir sıra faktiki məlumatlar əldə edilib.

Həmin məlumatlara əsasən, Ermənistanın keçmiş baş prokuroru B.N. Vahram Xorxoruninin qətlə yetirilməsi ilə bağlı cinayət işinin ibtidai istintaqının qanuniliyinə nəzarət etmək, müstəntiqə istintaq və digər prosessual hərəkətlərin həyata keçirilməsi ilə bağlı göstərişlər vermək kimi prokurorun müstəsna səlahiyyətlərini lazımi qaydada yerinə yetirməyib.

Nəzarətçi prokurorun qərarı ilə B.N. barəsində vəzifə səhlənkarlığı ittihamı ilə cinayət işi açılıb.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.