BAKI, 28 noyabr. TELEQRAF

Türkiyənin “Fugo” şirkəti İranın aviaşirkətlərinə xidmətlər göstərdiyinə görə ABŞ-nin sanksiya siyahısına daxil edilməsindən sonra fəaliyyətini dayandıracağını bəyan edib.

Teleqraf xəbər verir ki, qərar noyabrın 30-da qüvvəyə minəcək.

“Fugo” şirkətinin bəyanatında deyilir: “Türkiyənin Ticarət Məcəlləsinə və digər müvafiq qaydalara uyğun fəaliyyət göstərməyimizə, eləcə də aviasiya sahəsində bütün tələblərə riayət etməyimizə baxmayaraq, mövcud şəraitdə fəaliyyətimizi davam etdirmək mümkün deyil”.

Şirkət ona qarşı tətbiq edilən sanksiyaları “ədalətsiz və qanunsuz” adlandıraraq, yeddi ildir müvafiq qanuni icazələr əsasında Türkiyənin müxtəlif vilayətlərində xidmətlər göstərərək ölkənin mülki aviasiya və turizm sektoruna töhfə verdiyini bildirib.

Bəyanata əsasən, “Fugo” şirkətinin əməkdaşlarına bütün ödənişlər tam şəkildə həyata keçiriləcək. Həmçinin onların işlə təmin olunması imkanlarının yaradılması məqsədilə bu sahədə fəaliyyət göstərən digər şirkətlərlə danışıqlar davam etdirilir.

İran mediası “Fugo” şirkətinin xidmətlərini dayandırmasının yerli aviaşirkətlərin Türkiyəyə uçuşlarının davam etdirilməsi ilə bağlı qeyri-müəyyənlik yaratdığını yazıb.