BAKI, 28 noyabr. TELEQRAF
İranlı müğənni Pərastu Əhmədi və musiqi qrupunun dörd üzvü barəsində çıxarılmış 74 şallaq zərbəsi hökmünün icrası müxalifləri qorxutmaq və hakimiyyətin müəyyən dairələrini sakitləşdirmək məqsədi daşıyıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran mənbələrinə istinadla yazıb.
Mənbələr bildiriblər ki, hökmün icrası İran hakimiyyətinin vətəndaş itaətsizliyinin yayılmasından və iqtisadi problemlərin dərinləşməsi fonunda rəhbərlik əleyhinə etirazların baş qaldırması ehtimalından getdikcə daha çox narahat olduğunu göstərir.
“Reuters”in yazdığına görə, dekabr etirazlarının ildönümünün yaxınlaşması və müharibənin iqtisadi nəticələri hakimiyyətin ictimai narazılığın yeni etirazlara çevrilməsi ilə bağlı narahatlığını artırıb. Məlumatlı iki rəsmi agentliyə deyib ki, hakimiyyət əleyhinə etirazların baş verməsinin qarşısını almaq rəhbərliyin əsas prioritetlərindən birinə çevrilib.
Qeyd edilib ki, hakimiyyətin bəzi dairələrində məcburi hicab qanunlarının tətbiqində yumşaq davranılmasına qarşı narazılıq artıb.
Bəzi rəsmilər də Əhmədi və qrup üzvlərinin cəzalandırılmasının ictimai qəzəbi artıracağından və cəmiyyətdəki fikir ayrılıqlarını daha da dərinləşdirəcəyindən narahatdır.
Pərastu Əhmədi və həmkarları barəsində cinayət işi 2024-cü il dekabrın 11-də “YouTube” platformasında “Karvansara konserti” videosunun yayımlanmasından sonra açılıb. Onlar şallaq cəzası ilə yanaşı, iki il müddətinə incəsənət fəaliyyəti ilə məşğul olmaqdan və ölkədən çıxmaqdan məhrum edilib.
Hökmlər “ictimai əxlaq”a aid ittihamlar və İran hakimiyyətinin “ictimai əxlaqa zidd hesab etdiyi məzmun”un yayılması ilə əlaqədar çıxarılmışdı.
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk şallaq cəzasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, İranda bu cəzanın ləğv edilməsinə çağırıb.