BAKI, 28 noyabr. TELEQRAF

Canlı tarakanlar çətin keçilən ərazilərdə kəşfiyyat dronlarına alternativə çevrilə bilər. Almaniyanın Kassel şəhərində yerləşən “Swarm Biotactics” startapı həşəratları məsafədən idarə olunan bioloji robotlara çevirməklə bu texnologiyanı inkişaf etdirir.

Teleqraf xəbər verir ki, kəşfiyyat sistemlərinin hazırlanmasında Madaqaskar tarakanlarından istifadə olunur.

Həşəratların belinə sensorlar, rabitə və idarəetmə vasitələri ilə təchiz edilmiş miniatür elektron “çantalar” bərkidilir.

Tarakanların hərəkət istiqamətini onların sinir sisteminə təsir edən elektrik impulsları vasitəsilə dəyişmək mümkündür. Bu zaman həşəratların üzərinə quraşdırılmış avadanlıqlar ətraf mühit haqqında məlumat toplayaraq operatora ötürür.

Bu bioloji robotların əsas üstünlüyü adi pilotsuz uçan aparatların və yerüstü robotların istifadə edilə bilmədiyi ərazilərə daxil olmaq qabiliyyətidir. Gələcəkdə tarakanların miniatür kameralarla təchiz edilməsi və binaların, dağıntıların, eləcə də digər çətin keçilən obyektlərin tədqiqində istifadə olunması planlaşdırılır.

Texnologiya artıq Almaniya hərbçilərinin də marağına səbəb olub. “Heise” nəşrinin məlumatına görə, 2026-cı ilin aprelində Almaniya Silahlı Qüvvələri sensor avadanlıqları ilə təchiz edilmiş idarəolunan həşəratları sınaqdan keçirib. Startapın özü də Avropa və ABŞ-də sahə sınaqları keçirdiyini bildirib.

Tərtibatçılar hesab edirlər ki, bu bioloji robotlara yalnız hərbçilər və xüsusi xidmət orqanları deyil, həm də xilasetmə qurumları da ehtiyac duyacaq.