BAKI, 28 noyabr. TELEQRAF

Həbsdə olan Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası (ÇEP) parlament seçkilərinin nəticələrinə etiraz olaraq Ermənistan Konstitusiya Məhkəməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

Teleqraf xəbər verir ki, ÇEP iyunun 7-də keçirilən parlament seçkilərində seçki baryerini keçə bilməyib.

Ermənistan Mərkəzi Seçki Komissiyası üç seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Nəticədə partiya parlamentə düşə bilməyib.

Partiya müraciətlərində seçicilərinin səslərinin nəzərə alınmamasına səbəb olan qanunvericilik normalarına və qərarlara etiraz edir. Xüsusilə, AİHM-ə təqdim edilən şikayətdə azad seçki hüququnun və səmərəli hüquqi müdafiə vasitələrindən istifadə hüququnun pozulduğu iddia olunur. Müraciətdə qeyd olunur ki, üç seçki məntəqəsində səsvermənin nəticələri təkrar səsvermə keçirilmədən ləğv edilib və effektiv məhkəmə müdafiəsi təmin olunmayıb.