BAKI, 28 noyabr. TELEQRAF

ABŞ Konqresi Prezident Donald Trampın administrasiyasını Tayvan və Ukraynaya dəstək göstərməyə məcbur edəcək qanun layihəsini qəbul edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Demokrat senator Tim Keynin sözlərinə görə, qanunvericilər prezidentin veto qoyması riskini azaltmaq üçün Ukraynaya maliyyə yardımının ayrılmasını Ağ Ev rəhbərinin özünün dəstəklədiyi təşəbbüslərlə eyni qanun layihəsinə daxil edə bilərlər: “Əgər Ukraynaya maliyyə yardımını Trampın xoşuna gələn digər məsələlərlə birlikdə qanun layihəsinə daxil etsək, ola bilsin, həmin layihəyə veto qoymamaq qərarına gəlsin”.

Senator hesab edir ki, 2027-ci ildə yenilənmiş Konqres daha qətiyyətli mövqe tutacaq, NATO və Vaşinqtonun müttəfiqlərinə daha sadiq olacaq.

Nəşrin məlumatına görə, Avropa İttifaqı rəsmiləri artıq ABŞ konqresmenlərinə Ukraynaya yardımı artırmaq çağırışı ilə müraciət ediblər.