BAKI, 28 noyabr. TELEQRAF
“İran hökuməti ABŞ ilə mümkün yeni müharibə üçün də hazır vəziyyətdədir”.
Teleqraf xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif hökumətin əsas ərzaq məhsulları və dərman ehtiyatlarının müzakirə olunduğu iclasında deyib.
“14-cü hökumət müharibə hökumətidir. Əvvəlki hökumətlərin heç biri ABŞ ilə birbaşa müharibə vəziyyətində olmayıb. Amma biz özümüzü müdafiə etməyə hazır idik, bugünkü hazırlıq səviyyəmiz hökumətin fəaliyyətə başladığı dövrlə heç bir şəkildə müqayisə oluna bilməz.
Həmçinin özümüzü ən pis ssenarilərə hazırlamalıyıq, amma cəmiyyətdə sabitlik və sakitlik də qorunmalıdır”, - o bildirib.
Məhəmmədrza Arif iddia edib ki, ölkənin əsas ərzaq məhsulları üzrə ehtiyatları yaxşı vəziyyətdədir:
“Dəniz mühasirəsi qarşısında əlimizin bağlı olmadığını sübut etdik. Düşmən anlamalıdır ki, əgər ölkənin cənub limanlarında məhdudiyyətlər yaratsa, bu, ölkədə problemlərə səbəb olmayacaq. Biz həmin məhdudiyyətləri digər sərhəd-keçid məntəqələri vasitəsilə kompensasiya edəcəyik.
Prezident Pezeşkianın fitrətindən və inancından qaynaqlanan cəsarəti ölkənin əsas ərzaq məhsulları ilə təminatında uğur qazanmasının ən mühüm amilidir. Onun bu müddət ərzində atdığı addımlar problemlərin həllində mühüm rol oynayıb”.