BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Braziliyada prezident seçkilərində məğlub olan, lakin özünü ölkənin qanuni seçilmiş rəhbəri elan edən Flaviu Bolsonarunun iddialarını şərh etməkdən imtina edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında danışıb.
“Mən bunu şərh etməyəcəyəm. Bildiyim odur ki, onun ABŞ-yə girişinə icazə vermişik. Görək nə olacaq. Mən müdaxilə etməyəcəyəm. Bir şey dəqiqdir ki, bunlar çox qəribə seçkilər idi”, – Tramp bildirib.
ABŞ lideri Bolsonaru və ailəsinə qarşı ədalətsiz davranıldığını düşündüyünü də vurğulayıb.
“Mən bu seçkilərlə bağlı heç bir tərəfin mövqeyini tutmamışam. Amma ədalətsizlik görəndə bunu dilə gətirirəm”, – deyə o əlavə edib.
Məlumata görə, Bolsonaru çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində sənədlərini təhvil verməsinə dair Ali Federal Məhkəmənin hakimi Aleksandri di Moraisin qərarına baxmayaraq, Braziliyanı gizli şəkildə tərk edib.
İddialara əsasən, siyasətçi əvvəlcə Argentina sərhədini keçib, daha sonra şəxsi təyyarə ilə ABŞ-yə uçub. Bundan sonra Braziliya Federal Polisi onun adi və diplomatik pasportlarını rəsmi şəkildə etibarsız elan edib.
Xatırladaq ki, oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda Bolsonaru 48,21 faiz səs toplayaraq 51,79 faiz səs qazanan hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silvaya məğlub olub.
Yenidən prezident seçilən Lula da Silva rəqibinin ölkədən qaçmasını “rüsvayçılıq” adlandırıb.