BAKI, 29 oktyabr. TELEQRAF
Pentaqonun baş müfəttişi Ukraynada “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin fəaliyyətində yaranan fasilələrlə bağlı araşdırma aparmaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Agentliyin əldə etdiyi sənədə əsasən, Pentaqonun baş müfəttişi amerikalı senatorların müraciətinə cavab olaraq məsələyə dair sualların ABŞ Hərbi Hava Qüvvələrinə ünvanlanmasını tövsiyə edib.
Senatorlar bu cavabı “SpaceX” şirkətinin rəhbəri İlon Maskın fəaliyyəti ilə bağlı araşdırma aparmaqdan imtina kimi qiymətləndiriblər.
Daha əvvəl Nyu-Hempşir ştatından demokrat senator Cin Şahin bildirib ki, hər iki partiyanı təmsil edən doqquz senator Pentaqona məktub göndərərək “Starshield” sistemindəki fasilələrin araşdırılmasını tələb edib.
Qanunvericilər ABŞ rəsmilərinin rabitə məhdudiyyətlərini təsdiqləyib-təsdiqləmədiklərinin və ya bu barədə əvvəlcədən məlumatlı olub-olmadıqlarının müəyyənləşdirilməsini istəyiblər.
Xatırladaq ki, oktyabrın ortalarında Kiyev “SpaceX”in Ukrayna Silahlı Qüvvələri üçün “Starlink” terminallarının fəaliyyətini məhdudlaşdırdığını açıqlayıb.
İlon Mask isə “Starlink” sisteminin hücum əməliyyatları üçün nəzərdə tutulmadığını, yalnız müdafiə və mülki məqsədlərlə istifadə edildiyini bildirib.
Onun sözlərinə görə, “Starshield” ABŞ hökumətinin mülkiyyətində və nəzarətindədir. Sistemlə bağlı istənilən məhdudiyyət ABŞ Silahlı Qüvvələri və son nəticədə ölkə prezidenti tərəfindən müəyyənləşdirilir.
Bununla belə, “The Wall Street Journal” daha əvvəl Ukraynanın “Starshield” sisteminə çıxışının məhdudlaşdırılması barədə göstərişi məhz Maskın verdiyini iddia edib.
Oktyabrın 22-də ABŞ Prezidenti Donald Tramp Ukraynanın hərbi təyinatlı “Starshield” peyk rabitə sisteminə çıxışının bərpa olunduğunu açıqlayıb.