BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı iqtisadi təzyiq kampaniyasının nə qədər davam edəcəyinə dair konkret vaxt çərçivəsinin olmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Bessent bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
Nazirdən İranı danışıqlar masasına qaytarmaq üçün Vaşinqtona nə qədər vaxt lazım olacağı soruşulub.
“Bununla bağlı konkret vaxt çərçivəm yoxdur”, – deyə Bessent bildirib.
Bununla belə, o, iki aydan artıqdır davam edən “İqtisadi təcrid” əməliyyatını olduqca uğurlu qiymətləndirib.
Xatırladaq ki, avqustun sonunda Bessent “İqtisadi təcrid” əməliyyatının başladığını elan edib. Əməliyyat çərçivəsində Vaşinqton İran hakimiyyətinin bütün gəlir mənbələrini bloklamağı hədəfləyir.
ABŞ rəsmisi həmçinin İranla iqtisadi əlaqələri olan üçüncü ölkələrə qarşı yeni sanksiyaların tətbiqinə hazır olduqlarını bildirib.