BAKI, 29 oktyabr. TELEQRAF
Macarıstanda keçmiş Baş nazir Viktor Orbanın hökumətində çalışmış, korrupsiya cinayətlərində ittiham olunan iki sabiq nazirin həbs müddəti daha üç ay uzadılıb.
Teleqraf xəbər verir ki, məhkəmə qərarına əsasən, keçmiş mədəniyyət naziri Balaş Hanko və sabiq iqtisadiyyat naziri Mikloş Şestak 2027-ci ilin yanvar ayının sonunadək həbsdə qalacaqlar.
Keçkemet və Budapeşt məhkəmələri qərarlarını təqsirləndirilən şəxslərin istintaqdan yayınmaq, sübutların toplanmasına mane olmaq və araşdırmanın gedişinə təsir göstərmək ehtimalı ilə əsaslandırıblar.
Hanko ilə birlikdə Milli Mədəniyyət Fondunun vəsaitlərini qanunsuz xərcləməkdə ittiham olunan keçmiş nazir müavini Veronika Varqa-Bayuşun da həbs müddəti uzadılıb.
İstintaqın versiyasına görə, 2025–2026-cı illərdə fondun vəsaitləri hesabına Orbanın rəhbərlik etdiyi FİDES partiyasının seçkiqabağı tədbirlərində iştirak edən sənətçilərə qrantlar ayrılıb. Dövlət vəsaitlərinin partiya və şəxsi məqsədlər üçün xərclənməsi nəticəsində təxminən 48 milyon avro ziyan dəydiyi bildirilir.
Sentyabrın 28-də parlament Hankonun deputat toxunulmazlığını ləğv edib və o, saxlanılaraq dindirilib. Həmin gün dövlət sifarişlərinin bölüşdürülməsi zamanı rüşvət almaqda şübhəli bilinən Şestak da həbs olunub.
Bundan başqa, oktyabrın 21-də Macarıstan Milli Bankının keçmiş rəhbəri Dyörd Matolçi iqtisadi cinayətlərdə ittiham edilərək saxlanılıb. Onun fəaliyyəti nəticəsində dövlətə 1,3 milyon avrodan çox ziyan dəydiyi iddia olunur.
Qeyd edək ki, aprelin 12-də keçirilən seçkilərdə Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyası qalib gəlib. Korrupsiyaya qarşı mübarizə vədi ilə hakimiyyətə gələn yeni hökumət dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir sıra araşdırmalara başlayıb.
Sabiq nazirlər ittihamları rədd edirlər. FİDES isə baş verənləri siyasi təqib kimi qiymətləndirərək yeni hakimiyyəti müxalifəti zəiflətməkdə və siyasi rəqiblərini sıradan çıxarmaqda günahlandırır.
Partiya həbs müddətlərinin uzadılmasından sonra məhkəmə orqanlarının hökumətin göstərişi ilə hərəkət etdiyini iddia edib.