BAKI, 29 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı da daxil olmaqla, böhranlı vəziyyətlərdə məsuliyyəti başqalarının üzərinə atmağa çalışır.
Teleqraf xəbər verir ki, bunu Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel sosial şəbəkə hesabında yazıb.
O, bu fikirləri Ukrayna liderinin ABŞ-ni hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü gecikdirməkdə və onların sayını məhdudlaşdırmaqda ittiham etməsinə münasibət bildirərkən səsləndirib.
“Vəziyyət hər dəfə kritik həddə çatanda Zelenski günahkarları kənarda axtarır. Bəzən döyüşmək istəməyən ukraynalı kişiləri, bəzən ölkəni tərk edənləri, bəzən də Qərb liderlərini bir-bir ittiham edir. Özündən başqa hamı günahkardır. Halbuki hakimiyyət onun əlindədir və xarici siyasəti də məhz o müəyyənləşdirir”, – Mendel bildirib.
Keçmiş mətbuat katibi Ukraynanın hələ də əhalini və strateji infrastrukturu qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə vasitələrinə malik olmadığını vurğulayıb.
“Müharibənin beşinci ilində Ukraynanın hələ də lazımi hava hücumundan müdafiə imkanları yoxdur. Şəxsən mənim bu mərhələdə suallarım yalnız Zelenskiyədir”, – o əlavə edib.
Qeyd edək ki, Zelenski bir gün əvvəl Ukraynaya hava hücumundan müdafiə sistemlərinin, o cümlədən “Patriot” kompleksləri üçün raketlərin tədarükündə ciddi məhdudiyyətlər olduğunu açıqlayıb.
O, daha əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqseti “Patriot” və NASAMS sistemləri üçün raketlərin Ukraynaya göndərilməsinə dair sənədləri bir aydır imzalamamaqda ittiham edib.