BAKI, 12 oktyabr. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhəri yaxınlığında təbiət yanğını başlayıb. Hadisə ilə əlaqədar bir neçə yaşayış ərazisində təxliyə elan olunub.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının rəsmi saytında məlumat yayımlanıb.
Bildirilib ki, yanğın oktyabrın 11-də Los-Ancelesin şimalında yerləşən Santa-Klarita şəhəri yaxınlığında başlayıb.
“Bike” adı verilən yanğının əhatə etdiyi ərazi son məlumatlara görə, 69 hektarı ötüb. Yanğının hələlik yalnız 12 faizini nəzarət altına almaq mümkün olub.
Təhlükə ilə əlaqədar səkkiz ərazidə əhalinin təxliyəsi elan edilib. Yerli hakimiyyət orqanları yanğından zərər çəkən sakinlərin müvəqqəti yerləşdirilməsi üçün vahid sığınacaq təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Los-Anceles dairəsində baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində 30-dan çox insan həyatını itirib. Həmin yanğınlar zamanı 15 mindən artıq tikili, o cümlədən bir sıra məşhurlara məxsus daşınmaz əmlak məhv olub.