BAKI, 9 oktyabr. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla müharibə nəticəsində azalan raket və digər sursat ehtiyatlarını bərpa etmək üçün yeni tədbirlər həyata keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ müdafiə nazirinin birinci müavini Stiven Faynberq silah-sursat çatışmazlığını aradan qaldırmaq üçün maliyyə sektorunda qazandığı antiböhran idarəetməsi təcrübəsindən istifadə edir.
2025-ci ildə Pentaqonda yüksək vəzifəyə təyin olunan milyarder Faynberqə Prezident Donald Tramp tərəfindən İranla müharibə nəticəsində azalan hərbi ehtiyatları mümkün qədər qısa müddətdə bərpa etmək tapşırılıb.
Bu məqsədlə Faynberq silah istehsalı və satınalma sistemində dəyişikliklər aparır. O, birbaşa özünə tabe olan yeni satınalma mexanizmi yaradır, raket mühərrikləri, strateji materiallar və digər mühüm komponentlər istehsal edən şirkətlərdə dövlət üçün milyardlarla dollar dəyərində paylar əldə edir.
Lakin nəşr qeyd edir ki, bu tədbirlərin qısa müddətdə nəticə verəcəyi hələlik bəlli deyil. Bəzi təşəbbüslərin səmərəsi yalnız bir neçə ildən sonra görünə bilər. Üstəlik, ABŞ Konqresi bir sıra layihələr üçün tələb olunan maliyyəni hələ ayırmayıb.
Sentyabrın ortalarında Pentaqonun Baş Müfəttiş İdarəsi İranla müharibə səbəbindən silah-sursat ehtiyatlarında çatışmazlıq yarandığını açıqlayıb.
ABŞ Konqresinin Büdcə İdarəsi də raket əleyhinə müdafiə sistemlərinin sursat ehtiyatlarının azalmasından narahatlığını ifadə edib. Qurumun hesablamalarına görə, ABŞ 2025-ci ilin iyunundan bəri bu tip raket ehtiyatlarının yarısından üçdəikisinədək hissəsini istifadə edib.